Dolaşıq anlaşma - AFFA istədiyi vaxt PFL-i ləğv edə bilər?
2008-ci ildən yaradılan Peşəkar Futbol Liqası ölkə futbolunun ayrılmaz parçasına çevrilib. Hal-hazırda Premyer Liqa, I və II Liqa, Əvəzedicilər Liqası və kubok oyunlarını təşkil edən qurum böyük miqyaslı layihənin təşkilatçısıdır.
Elxan Səmədov kimi intellektual, dünya futbolundakı yeniliklərə açıq olan adamın rəhbər postda yer alması işin peşəkar qurulmasını şərtləndirən amildir. Bəzən çatışmazlıqlar olur ki, bu da anlaşılandır. Bu miqyasda işin gedişatında zaman-zaman problemlərin yaşanması normaldır. Amma ümumi qiymətləndirsək, arxada qalan 4 ilə yaxın müddətdə Peşəkar Futbol Liqası sanballı iş qoyub ortaya.
Lakin AFFA-nın son Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəfin Peşəkar Futbol Liqası ilə bağlı dediyi fikirlər anlaşılmazlığa səbəb olub. Rövşən bəy AFFA-nın PFL ilə müqavilə əsasında çalışdığını, lazım bilmədikləri halda bu əməkdaşlığa son qoyacaqlarını deyib.
Düzü, PFL-in 18 illik fəaliyyəti ərzində ilk dəfədir ki, bunu eşidirik. Uzun müddət PFL-in rəhbəri olan Ramin Musayevin də dilindən buna bənzər söz eşidən olmayıb. Çox qəribədir, Rövşən Nəcəfin məntiqindən belə çıxır ki, AFFA hər mövsümün sonunda PFL-in gələcəyi ilə bağlı qərar verməlidir.
Bu məsələdə bəzi uyğunsuzluqlar var. Birincisi, əgər belədirsə, Peşəkar Futbol Liqasının prezidenti postuna seçkilər niyə dörd ildən bir keçirilir? Əgər qurumun bir ildən sonra dağılmaq ehtimalı varsa, kimisə 4 illik seçməyin nə adı var... İkincisi, məsələn, AFFA bir il yarışları özü keçirəndən sonra yenidən PFL sisteminə qayıtmaq qərarı versə, 4 illik seçilən rəhbərlə anlaşmaq məcburiyyətində olacaq, ya necə?
Və ən əsası - bir illik qurum düşüncəsiylə fəaliyyət göstərən PFL-in rəhbər və işçi qrupu özünü işə necə həsr etsin? "Tükdən" asılı vəziyyətdə olan adamların bu şərtlər altında çalışması çətin görünür. Açığı, bu nəsə dolaşıq anlaşma alındı.
Emin Abbasov
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur